Bolqarıstanın mədəni və tarixi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən, Bolqarıstanın arxeoloji incisi - “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında Heydər Əliyev Fondunun böyük dəstək və töhfəsi ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri fəxri fərmanla təltif edilib.
Səfirlikdən verilən məlumata görə, mükafatlandırma mərasimi Bolqarıstan Respublikasının Vitse-Prezidenti xanım İliana Yotovanın himayəsi altında 11 noyabr 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş “Bolqarıstanın möcüzələri” adlı 2-ci Beynəlxalq Forum çərçivəsində baş tutmuşdur.
Mərasimdə çıxış etmiş Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun dünya miqyasında həyata keçirdiyi humanitar layihələr, eləcə də Bolqarıstan xalqının mənəvi mərkəzi olan Trapezitsa arxeoloji kompleksinin Fond tərəfindən dirçəlişi haqqında məlumat vermişdir.
Səfir çoxmədəniyyətlilik və çoxkonfessiyalıq dəyərlərini daim uca bəsləyən Azərbaycanın Bolqarıstanın mədəni irsinin qorunmasına töhfə verməsini ölkəmiz üçün qürur mənbəyi təşkil etdiyini və bunun ümumbəşəri mədəniyyət irsinə töhfə olduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və qoruğun ərazisində yerləşən XIII – XIV əsrlərə aid üç kilsənin bərpasını özündə ehtiva edən layihə Heydər Əliyev Fondunun Balkan regionunda həyata keçirdiyi ən böyük mədəniyyət layihəsini təşkil edir.
Regionda açıq səma altında ən böyük arxeoloji muzey kompleksi olan Bolqarıstan xalqının milli sərvəti - “Trapezitsa” qoruğunun bərpası məqsədilə Azərbaycan tərəfindən edilmiş dəyərli ianənin Azərbaycanın Bolqarıstana əsl dost münasibət bəslədiyinin bariz nümunəsi olduğu diqqətə çatdırmışdır.
“Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun hazırda bütün dünyadan olan turistlərin məmnunluqla ziyarət etdiyi ən cəlbedici mədəni turizm məkanlarındandan birinə çevrildiyini qeyd edən səfir, bu layihənin iki ölkə arasında tutarlı dostluq körpüsü tərənnüm etdiyini bildirmişdir.
Bu xüsusda, Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin 30 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşdə Trapezitsa kompleksinin bərpası və inkişafında Azərbaycanın töhfəsini iki dövlət arasında səmimi dostluq münasibətlərin olmasına işarə etdiyini bildirməsi bir daha mərasim iştirakşılarının diqqətinə çatdırılmışdır.
Tədbirdə çıxış etmiş forumun təşkilatçıları, Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, həmçinin Veliko Tırnovo şəhər rəhbərliyi Bolqarıstanın mədəniyyət irsinə Azərbaycan tərəfindən edilmiş dəyərli töhfəni yüksək təqdirə layiq olduğunu bildirmiş və Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fonduna böyük minnətdarlığını ifadə etmişlər.(trend)