İsrail hökuməti ölkənin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğul olan hərbi-sənaye şirkətlərinə İranın nüvə obyektlərinə zərbələr endirmək üçün sürətli və uzaq mənzilli pilotsuz uçuş aparatları hazırlamağı tapşırıb.
Senzor.az bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Keçən həftə İsrailin “Likud” partiyası hökumətinin keçmiş naziri Tzachi Hangebi yerli mediaya deyib ki, Benyamin Netanyahunun yeni hökuməti İranın nüvə silahı istehsalına başladığı barədə məlumat alacağı təqdirdə İslam Respublikasının nüvə obyektlərini məhv etmək üçün hərəkətə keçməkdən çəkinməyəcək.
Xatırladaq ki, Benyamin Netanyahunun partiyası son növbədənkənar parlament seçkilərində səs çoxluğu ilə dəstəklənib. Nəticədə İrana qarşı barışmaz mövqeyi ilə tanınan siyasətçi yenidən baş nazir postunu tutmağa hazırlaşır.
“Məncə, onun İranın nüvə obyektlərinə zərbə endirməkdən başqa yolu qalmayacaq. Netanyahu 1981-ci ildə İraqda, 2007-ci ildə isə Suriyada nüvə obyektlərinin dağıdılmasına göstəriş verən əvvəlki baş nazirlərdən nümunə götürəcək”, - deyə Haneqbi bildirib.
Bu arada, “Breaking Defence” nəşri müdafiə departamentindəki mənbələrə istinadən xəbər yayıb ki, İsrail hökuməti artıq yerli pilotsuz təyyarə istehsalçılarına, o cümlədən Elbit və Aero Sentinel-ə (2015-ci ildə İsraildə silahlı pilotsuz təyyarələr istehsal edən 9 startap var idi) İrana gələcək hücumlar üçün yüksək sürətli PUA-ların dizaynını hazırlamağı tapşırıb.
Senzor.az