Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.
Senzor.az bildirir ki, turnirin 1/4 final mərhələsi çərçivəsində Mərakeş millisi Portuqaliya seçməsi ilə qarşılaşıb.
“Al Tumama” stadionunda keçirilən oyunda hesabı Mərakeş millisi açıb. Qarşılaşmanın 42-ci dəqiqəsində Yussuf En-Nesiri baxımlı qola imza atıb. Fasiləyə Mərakeş millisi minimal hesablı üstünlüklə yollanıb – 1:0.
Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb.
Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Mərakeş millisi tarixində ilk dəfə mundialın yarımfinal mərhələsinə adlayıb.
Günün digər oyununda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.