Mərakeş millisinin azarkeşləri Qətərdəki dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya üzərində qələbədən sonra Fransanın paytaxtı Parisdə iğtişaşlar törədib.
Yerli mətbuatın məlumatına görə, Yelisey meydanına toplaşan afrikalı fanatlar yığmalarının yarımfinala yüksəlməsini çılğınlıqla qeyd ediblər. Nəticədə polislərlə tərəfdarlar arasında qarşıdurma baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə yayılmış videolarda polislərin azarkeşlərə qarşı fiziki güc tətbiq etdiyi, onları dəyənəklərlə vurduqları açıq-aşkar görünür.
Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-də baş tutacaq.