Dekabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri cənab Joao Qomes Kravinyo ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Görüş zamanı, o cümlədən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verib, habelə davam edən mina təhdidlərini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir Joao Qomes Kravinyo ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.