Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının finalına yüksəlib.
Senzor.az bildirir ki, komanda yarımfinal mərhələsində Mərakeş yığması ilə qarşılaşıb. “Əl Beyt” stadionunda oynanılan matçın 5-ci dəqiqəsində fransalı Teo Ernandes hesabı açıb. İlk hissə bu hesabla başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə də Fransa millisi fərqlənib. Oyunun 79-cu dəqiqəsində Randal Kolo Muani hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Fransa millisi tarixində ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Xatırladaq ki, 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialın finalında fransızlar Xorvatiyaya qalib gələrək dünya çempionu olmuşdular.
Dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək final oyununda isə Fransa millisi Argentina yığması ilə qarşılaşacaq.