Dekabrın 15-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Bu barədə Senzor.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.
Baş nazir Ə.Əsədov açılış nitqində qeyd etdi ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulandı ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edildi. Regionlararası əməkdaşlıqdan danışan Ə.Əsədov dedi: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.
Diqqətə çatdırıldı ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü.
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğuladılar.
Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirildi. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Vurğulandı ki, ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir.
Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edildi. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, - deyə Azərbaycanın Baş naziri bildirdi. Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulandı, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırıldı.
Bu kontekstdə Ə.Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğuladı. "Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək", - deyə Azərbaycanın Baş naziri əlavə etdi.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzaladılar. Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzaladılar.