Rusiya Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı eko-fəalların Laçın-Şuşa yolunda keçirdiyi dinc etiraz aksiyasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə yaranmış vəziyyətdən narahatlıqlarını ifadə edib.
O, baş verənləri faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar tərəflər arasında fikir ayrılığı ilə əlaqələndirib.
“Biz yaxın zamanda nəqliyyat əlaqələrinin bərpasına ümid edirik”, - XİN rəsmisi əlavə edib.
O qeyd edib ki, Rusiya sülhməramlı kontingenti gərginliyini azaltmaq üçün fəal surətdə çalışır.
Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri üçtərəfli razılaşmanı imzalayarkən öz üzərlərinə müvafiq öhdəliklər götürüblər ki, buna ciddi şəkildə əməl edilməlidir.
Rusiya XİN sözçüsü sülhməramlıların ünvanına səslənən ittihamlara da münasibət bildirib. Zaxarov deyib ki, Rusiya sülhməramlı qüvvələri regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edir və öz öhdəliklərini tam şəkildə yerinə yetirir.(APA)