“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin daha 12 əməkdaşı Türkiyə Radio Televiziya Qurumuna təlimə göndərilib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 12 nəfərlik qrup Türkiyənin Ankara şəhərinə yollanacaq. Onlar 2 həftə müddətində TRT-nin Təlim və Araşdırma Departamenti tərəfindən həyata keçirilən “Qabaqcıl Multimedia Texnikasına dair Yerində Təlim” proqramı çərçivəsində təşkil olunan təlimlərdə iştirak edəcəklər.
QSC sədri Rövşən Məmmədov təlimə yollanacaq əməkdaşlarla görüş keçirib, onlarla fikir mübadiləsi aparıb. O, mütəmadi xarakter alan bu təlim və təcrübə mübadiləsi proqramlarının hər iki televiziya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, əməkdaşlara uğurlar arzulayıb.
Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, QSC-nin Beynəlxalq Əlaqələr Departamentinin təşkilatçılığı ilə keçirilir.
TRT-nin Təlim və Araşdırma Departamenti tərəfindən ilk belə təcrübə mübadiləsi 6-20 mart 2022-ci il tarixlərində AzTV-də təşkil olunub. Müxbir və redaktorlar, rejissorlar, operator, prodüserlərərin cəlb olunduğu tədris prosesi TRT-nin aparıcı mütəxəssisləri tərəfindən aparılıb. Daha sonra isə 23 may-3 iyun 2022-ci il tarixlərində QSC-nin 6 əməkdaşı (müxbir, sosial media mütəxəssisi, rejissor, operator, işıqçı, montajçı) iki həftə ərzində Ankaradakı təlimlərdə iştirak ediblər.
AzTV əməkdaşlarının TRT-yə səfəri bu təlimlərin davamlılığını təmin etmək, həmçinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Təcrübə mübadiləsi və təlimlərin 2023-cü ildə də davam etdirilməsi planlaşdırılır.