Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün bürünc mükafatçı bəlli olacaq.
Senzor.az xatırladır ki, üçüncü yer uğrunda görüşdə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər. "Xəlifə" stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
İki kollektiv mundialda eyni qrupda yer alıblar. F qrupunu Afrika təmsilçisi 7 xalla birinci, Xorvatiya isə 5 xalla ikinci pillədə tamamlayaraq, pley-off mərhələsinə adlayıblar. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.
Mərakeş seçməsi tarixində ilk dəfə mundialda üçüncü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.