Son vaxtlar səsi-sorağı gəlməyən Xalq artisti Zeynəb Xanlarova Azərbaycan Televiziyasının (AzTV) Yeni illə bağlı hazırladığı bayram proqramının çəkilişlərinə qatılıb.
Senzor.az bildirir ki, bu barədə AzTV-dən məlumat verilib.
Məlumata görə, Xalq artisti çəkilişdə musiqisi Ələkbər Tağıyevə məxsus “Sənsən” mahnısını ifa edib.
Qeyd edək ki, Zeynəb Xanlarova Bakıda sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.
Sənətkar 12 illik fasilədən sonra 2020-ci ildə böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırsa da, koronavirus pandemiyası ona mane oldu.
Zeynəb Xanlarova 1985-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
1975-ci ildən Azərbaycanın Xalq artisti, 1980-cı ildən SSRİ Xalq artisti, 1985-ci ildən Azərbaycan Dövlət mükafatı laureatıdır.
1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Onu da qeyd edək ki, Xalq artisti dekabrın 28-də 86 yaşını qeyd edəcək.