Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü olub
YENİLƏNİB, FOTO


Dekabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyada işgüzar səfərdə olub.

 

Senzor.az Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

 

Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər istiqamətlər üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, Azərbaycan ilə Rusiya arasında mövcud müqavilə-hüquq bazasının, intensiv siyasi dialoqun və artan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərlə yanaşı, iki ölkənin regional səviyyədə əməkdaşlıq məsələləri diqqətə çatdırılıb.

 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar müzakirələrin əsas mövzusu olub. Ceyhun Bayramov 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

 

Ermənistan tərəfindən sözügedən üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

 

Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycan tərəfinin oktyabr 2-də Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsində Azərbaycanın qətiyyətli olduğu bildirilib.

 

Nazir Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. Bu xüsusda, əlaqələrin daha da inkişafı üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Rusiya XİN-in başçısı bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra Azərbaycan və Rusiya xarici işlər nazirləri jurnalistlər üçün brifinq keçiriblər.

 


**14:52


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

 

“Report” xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı gözlənilir.

 

Qeyd edək ki, bu, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında cari ayda ikinci danışıqlardır. Bundan əvvəl onlar dekabrın əvvəlində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini, eləcə də ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etmək üçün görüşüblər.

 

Xatırladaq ki, dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün görüşü planlaşdırılsa da, İrəvan görüşdə iştirakdan imtina edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.