Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, terror təşkilatı PKK tərəfdarlarının Fransanın paytaxtı Parisdə törətdiyi hadisələrlə bağlı "Fransızların bəslədiyi ilan özlərini sancmağa başlayıb. Artıq hər kəs əsl üzünü görməlidir" deyib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Hulusi Akar bu sözləri TSQ komandanlığının müşayiəti ilə Suriya sərhəd xəttində qoşunların təftişini həyata keçirən zaman deyib.
Müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı qiymətləndirmələr aparan Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) uğurlu əməliyyatları ilə Türkiyənin cənubunda yaradılması arzulanan terror dəhlizini darmadağın etdiklərini bildirib.
Akar, "Bu təhlükə hələ də varmı? Var. Belə bir məqsəd varmı? Var” deyə söyləyib:
“Buna qarşı mübarizəmizi davam etdirəcəyik və nə lazımdırsa edəcəyik. Heç kim bizdən sərhədimizin yaxınlığında yuva salan terror ünsürlərinə dözməyimizi gözləməməlidir. Türkiyə Silahlı Qüvvələri ölkəmizin və soylu millətimizin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri lazımi yerdə və zamanda alıb və buna davam edəcək”.
TSQ-nın Suriya və İraq başda olmaqla bütün qonşuların ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyini bildirən Akar, onların yeganə hədəfinin terrorçular olduğunu vurğulayıb.
**16:59
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar TSK komandanlığının müşayiəti ilə Suriya sərhəd xəttində qoşunların təftişini həyata keçirib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Hatay şəhərinə gedib.
Hatay Hava Limanında 2-ci Ordu Komandanı General Metin Gürak və digər rəsmilər tərəfindən qarşılanan Akar onu müşayiət edən komandirlərlə birlikdə Bahar Qalxanı Əməliyyatları Bölgəsi Sektor Komandanlığına yollanıb.
Mərasim heyətini qarşıladıqdan sonra Əməliyyat Mərkəzinə gedən Akar sahədəki fəaliyyətlər və son vəziyyətlə bağlı məlumat alıb və tapşırıqlar verib.
Nazir Akar və TSK komandanlığının Suriya sərhəd xəttində araşdırmaları davam edir.(APA)