Rusiya Prezidenti Vladimir Putinin yanvarın 6-dan 7-dək Rusiya qoşunlarının atəşkəs rejiminə əməl edəcəyi barədə açıqlaması Ukraynanın reputasiyasına xələl gətirmək məqsədi daşıyan informasiya əməliyyatıdır.
ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri bu qənaətə gəliblər.
Təhlilçilərin fikrincə, Putin Rusiya qoşunlarının dincəlməsinə, bərpasına və cəbhənin kritik sektorlarında hücum əməliyyatlarını bərpa etmək məqsədilə öz istiqamətlərini dəyişməsinə imkan vermək üçün onlara fasilə əldə etməyə çalışmış ola bilər.
Belə ki, bu fasilə Rusiya qoşunlarına qeyri-mütənasib şəkildə yararlı olacaq və Ukraynanı təşəbbüsdən məhrum etməyə başlayacaq. Analitiklərin qənaətincə, Putin Ukraynanı barışmaz və danışıqlar üçün lazımi addımları atmaq istəməyən kimi göstərmək üçün atəşkəsə çağırıb.
İnstitut qeyd edib ki, bu, əvvəllər Rusiyanın istifadə etdiyi məqsədyönlü informasiya taktikasıdır.
Atəşkəsin təşkili və gerçəkləşdirilməsi də vaxt tələb edir. Xüsusilə Kremlin sözçüsü Dmitri Peskov dekabrın 14-də Rusiyanın pravoslav Milad bayramı üçün atəşkəslə bağlı planlarının olmadığını, ona görə də Putinin gözlənilməz açıqlamasının təəccüb doğurduğunu bildirib.
Ekspertlər vurğulayıblar ki, Putinin atəşkəsi dini zəmində təqdim etməsi Ukraynanı dini qrupları sıxışdıran və Putini xristian inancının əsl müdafiəçisi kimi göstərən növbəti ikili informasiya əməliyyatını daha da gücləndirir.
MAİ-nin daha əvvəl qeyd etdiyi kimi, Kreml pravoslavlıqla bağlı müzakirələrdən Kiyevi Ukraynada dini azadlıqlara təzyiq etməkdə ittiham etmək üçün silah kimi istifadə edib.
Bu informasiya əməliyyatı Kremlin Ukraynanın pravoslav xristianları və rusdilliləri təqib etməsi ilə bağlı əsassız versiyasını dəstəkləyə bilər. Belə ki, Putin bu versiyanı 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsinə əsas kimi dəfələrlə irəli sürüb.
Bildirilib ki, atəşkəs elanı Putini xristian dəyərlərinin və inanclarının qarantı kimi göstərir. İnstitut xatırladıb ki, Putin və digər Rusiya rəsmiləri tez-tez Ukraynadakı müharibəni “satanizmə” qarşı dini müharibə kimi qələmə verirlər. Əslində, Rusiya qüvvələri 2014-cü ildən bəri Ukraynanın işğal olunmuş ərazisində dini etiqad azadlığını boğur.
Eyni zamanda, Rusiya bloqçularının hərbiyönlü informasiya məkanı atəşkəs elanına qəzəbli narazılıqla reaksiya verib.(“Report”)