Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
"Əgər erməni tərəfdaşlar həqiqətən də üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli icrasına uyğun olaraq müəyyən edilmiş problemlərin həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi ilə bağlı Rusiyanın təklifi qüvvədə qalır", - Zaxarova bildirib.
Zaxarova xatırladıb ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırılmışdı və iki ölkə liderləri də buna razılıq vermişdilər:
"Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu".