“Rusiya 2 milyonluq ordu yaratmağa çalışır. Bunun üçün həmin ölkə yeni səfərbərlik dalğaları keçirəcək”.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, birinci səfərbərlik dalğası nəticəsində Rusiya Silahlı Qüvvələrinə 300 min nəfər çağırılıb: “Həmin şəxslər qısa hazırlıqdan sonra Ukraynadakı döyüş bölgəsinə göndərilir".
Ukraynanın hərbi kəşfiyyatı istisna etmir ki, Rusiya rəhbərliyi yaxın günlərdə növbəti səfərbərlik dalğası elan edəcək: "Daha 500 min rusiyalı Rusiya Silahlı Qüvvələrinə daxil olacaq ki, bu da həmin ölkəyə strateji ehtiyatlar yaratmağa imkan verəcək”.
Kəşfiyyat məlumatlarına görə, Rusiya artıq yeni səfərbərlik dalğasına hazırlıq görür: “Bunun üçün çağırışın keçirilməsini tənzimləyəcək qanunlara dəyişikliklər edirlər”.