ATƏT sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə B.Osmani tviterdə yazıb.
“Mən elə bilirdim ki, Kiyevə növbəti dəfə gələnə kimi müharibə başa çatacaq və həyat normallaşacaq. Dağılmış evləri və məhv olmuş insan talelərini görmək insanı narahat edir”, - o paylaşımda qeyd edilib.
Xatırladaq ki, B.Osmani Ukraynada səfərdədir. Onun ölkə prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
**12:09
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ukraynaya səfər edib.
Bu barədə Buyar Osmani öz "Twitter"ində paylaşım edib.
"Qatarla doqquz saatlıq yoldan sonra Kiyevə çatdıq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək və regionda insanlara kömək etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirik", paylaşımda deyilir.
**12:00
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ukraynaya səfər edəcək.
ATƏT-in mətbuat xidməti xəbər verir ki, səfər bu gün baş tutacaq.
Osmani ATƏT sədri kimi Ukraynaya ilk səfərində yüksək səviyyəli rəsmilərlə görüşəcək.
"Nazir Osmaninin görüşlərində Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi səbəbindən ölkənin üzləşdiyi humanitar və təhlükəsizlik problemləri müzakirə olunacaq. Müzakirələr həmçinin Ukrayna xalqının, institutlarının və vətəndaş cəmiyyətinin ən aktual ehtiyaclarını, eləcə də ATƏT-in ölkənin dayanıqlığının gücləndirilməsində və yaranan çoxsaylı problemlərin həllində rolunu əhatə edəcək. Nazir Osmani həmçinin, müharibənin mülki əhaliyə, mülki infrastruktura təsirini görmək üçün və bölgədə ehtiyac duyulan beynəlxalq yardımın həcmi ilə tanış olmaq üçün Kiyev bölgəsinə səfər edəcək", ATƏT-in mətbuat xidməti bildirib.(APA)