Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.
FHN-dən verilən məlumata görə, Türkiyənin Kahramanmaraş rayonunda zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qurulan çadırlarda yaşayış üçün lazımi şərait yaradılıb. Burada yaşayan insanlar üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib, uşaqlar üçün oyun guşəsi yaradılıb.
Çadırlarda yaşayan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirirlər.
**15:00
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub.
Xəbərə görə, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağı yekunlaşdırıb.
Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülür. Yerli aidiyyəti orqanlar çadırları sakinlərə təhvil verməyə başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardımlar göndərilib. Bu vaxta qədər nazirlik tərəfindən göndərilən yardımları aparan 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Yardım aparan avtomobillərin sayı isə 39-dur.