Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqi qəbul edib.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
**15:21
İsveç üçtərəfli razılaşmadan qaynaqlanan öhdəliklərini tam yerinə yetirməyib.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
XİN başçısı vurğulayıb ki, Türkiyə İsveç tərəfindən istənilən konkret addımların atıldığını görmür: “İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı bəzi addımlar atıb, biz bunu inkar etmirik. Müsbət addımları müsbət qarşılayırıq. Lakin xüsusilə də İsveçin üçtərəfli razılaşmadan qaynaqlanan öhdəliklərini tam yerinə yetirdiyini demək realist yanaşma olmaz. Hazırda istədiyimiz konkret addımları görmürük”.
Mövlud Çavuşoğlu qeyd edib ki, İsveçdə qanunlar sərtləşdirilsə də PKK və YPG-nin özlərinə tərəfdar yığmaq fəaliyyətləri, terrorçuluğun maliyyələşdirilməsi, eləcə də terrorçu liderlərin təbliğatı istiqamətində fəaliyyətləri davam edir.
“Nəticə etibarilə bu qanunları bizi sözlə məmnun etmək üçün qəbul etməyiblər, verdikləri sözü tutub onların qarşısını almaq üçün qəbul ediblər. Bu qanunların tələblərini yerinə yetirmək məcburiyyətindədirlər. Necə ki, İŞİD-in tənliğatına icazə vermirlərsə PKK-ya da icazə verilməməlidir”, - deyə Çavuşoğlu bildirib.
**15:16
Quran kimi müqəddəs bir kitabın yandırılmasını utancverici hərəkət sayıram.
Bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
“Quranın yandırılmasının Türkiyədə çox ciddi reaksiyalara səbəb olması barədə məlumatım var və bu reaksiyaları anlayışla qarşılaşıram. Mən şəxsən belə bir müqəddəs kitabın yandırılmasını utancverici əməl sayıram. Türkiyədəki və dünyadakı müsəlmanların hiddətini başa düşürəm və bu səbəbdən də bu addımı qınayıram. Həmçinin düşünürəm ki, İsveç hökumətinin bu və bu kimi əməllərin qarşısını alması zəruridir. İsveç hökuməti və Baş nazirinin bu addımları qınamasının müsbət olduğunu düşünürəm. Əlbəttə, utancverici, qeyri-əxlaqi və ya təxribatçı bütün davranışlar qeyri-qanuni deyil”, - o deyib.
**15:13
Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməsinin vaxtının çatdığını düşünürəm.
Bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib:
“Türkiyənin də son dərəcə legitim təhlükəsizlik narahatlıqlarının olduğunu bilirəm. Heç bir müttəfiqin də bu ehtiyacları görməzlikdən gəldiyini düşünmürəm. NATO üçün terrorçuluqla mübarizə ən önəmli məsələlərdən biridir”.
Stoltenberq əlavə edib ki, İsveç və Finlandiyanın da alyansa daxil olması NATO-nun terrorçuluğa qarşı mübarizəsini gücləndirəcək.
“Hazırda əsas məsələ İsveç və Finlandiyanın NATO-ya eyni vaxtda üzvlüyü deyil, əsas məsələ onların hər ikisinin ən qısa müddətdə üzv olmasıdır”, - deyə Baş katib əlavə edib.
**14:22
Türkiyədəki zəlzələ NATO-nun qurulmasından bəri bizim alyansımızın torpaqlarında ən ölümcül, ən qorxunc fəlakətdir.
Bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O, qeyd edib ki, NATO müttəfiqləri zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyəyə dəstəyini davam etdirir.
Stoltenberq əlavə edib ki, Niderland, Böyük Britaniya, ABŞ və Norveçin təmin etdiyi hərbi təyyarələr təbii fəlakət bölgəsinə beynəlxalq yardımların çatdırılması məqsədilə gecə-gündüz fəaliyyət göstərirlər.(APA)
**14:12
NATO müttəfiqlərimiz zəlzələnin ardınca sürətlə ölkəmizə dəstək veriblər. Baş katib Yens Stoltenberqə NATO-nun dəstəyi üçün təşəkkür edirik.
Senzor.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter-də yazıb.
Xatırladaq ki, Yens Stoltenberq NATO-nun həmrəyliyini nümayiş etdirmək üçün Türkiyəyə səfər edib.