“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyimiz dəyişməzdir”.
Bunu NATO Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsində deyib.
“Biz hələ 2008-ci ildə razılaşmışdıq ki, Ukrayna Alyansa üzv olacaq və bu, indiyə qədər bizim mövqeyimiz olub. Ancaq əlbəttə ki, indi vacib olan Ukraynanın suveren, müstəqil dövlət kimi qalib gəlməsini təmin etməkdir.
Hazırda ən vacibi NATO müttəfiqləri və tərəfdaşlarının hərbi dəstəyi davam etdirməsidir.
Bu kontekstdə mən Britaniya Baş naziri Rişi Sunakın müharibədən sonra sülh üçün razılaşma təşəbbüsünü alqışlayıram.
Çünki müharibə bitəndə biz elə etməliyik ki, tarix təkrarlanmasın.
Rusiya Ukraynanı işğal etməyə davam etməsin.
Çünki artıq bu nümunə var: 2008-ci ildə Gürcüstanın, daha sonra 2014-cü ildə Krımın və Donbasın, ötən il isə Ukraynanın işğalı. Biz Rusiyanın Avropanın təhlükəsizliyini pozmağa davam etməsinə icazə verə bilmərik və biz Rusiyanın Avropa ölkələrinə qarşı təcavüzünü dayandırmalıyıq. Ona görə də bu müharibə başa çatdıqda, Rusiyanın təcavüzünün davam etməməsini təmin edən bir növ razılaşma yaratmalıyıq”, - deyə Stoltenberq bildirib.
**22:48
“Biz Ukraynaya dəstəyimizi davam etdirməli və gücləndirməliyik”.
Bunu NATO Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Putin sülh planlaşdırmır. O, daha çox müharibələr, yeni hücumlar planlaşdırır. Onun ambisiyalarını dəyişməsinə dair heç bir əlamət yoxdur”, - deyə Baş katib vurğulayıb.
Stoltenberq deyib ki, Rusiya yüz minlərlə əsgəri səfərbər edir: “Rusiya daha çox silah əldə etmək üçün İran və Şimali Koreya kimi digər avtoritar rejimlərə müraciət edir. Biz Ukraynanın Avropada suveren, müstəqil dövlət kimi qalib gəlməsi üçün ona lazım olanı verməliyik. Bəzən bizim Ukraynaya dəstəyimizin eskalasiyaya səbəb ola biləcəyindən narahat olurlar. Bir məsələ aydındır ki, risksiz seçim yoxdur. Ancaq ən böyük risk Putinin qalib gəlməsidir. Əgər Putin Ukraynada qalib gəlsə, ona və digər avtoritar liderlərə mesaj ondan ibarət olacaq ki, onlar istədiklərini əldə etmək üçün güc tətbiq edə bilərlər. Bu isə dünya üçün təhlükəlidir. Ukraynanı dəstəkləmək təkcə mənəvi deyil, həm də bizim təhlükəsizlik maraqlarımıza uyğundur”, - deyə Stoltenberq vurğulayıb.(APA)