ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib.
Bu barədə Senzor.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilən bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Qeyd edək ki, minaaxtaran itlərin mərhələli şəkildə ölkəyə gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.