Rusiya Prezidenti Vladimir Putin ənənəvi olaraq böyük mətbuat konfransı keçirməyi planlaşdırır.
Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“İllik mətbuat konfransı planlaşdırılır", - deyən Kremlin sözçüsü epidemioloji vəziyyətin inkişafından asılı olaraq tədbirin formatı barədə qərar veriləcəyini əlavə edib.
Azvision.az xatırladır ki, Putin 2001-ci ildən bəri hər il böyük mətbuat konfransı keçirir. Fasilə yalnız baş nazir vəzifəsində çalışdığı dövrdə - 2008-2012-ci illərdə verilib. Lakin 2012-ci ildə altı illik müddətə dövlət başçısı seçildikdən sonra bu cür tədbirlərin keçirilməsi təcrübəsinə yenidən başladı. 2020-ci ilin dekabr ayında, koronavirus pandemiyası səbəbindən böyük mətbuat konfransının formatı dəyişdirildi, jurnalistlərin bir hissəsi Prezidentlə birgə Moskva yaxınlığındakı Novo-Oqarevo iqamətgahında, bir hissəsi isə Dünya Ticarət Mərkəzinin ofisindən video bağlantısı ilə mətbuat konfransına qatıldılar.
Ən qısa mətbuat konfransı Putinin jurnalistlərlə ilk görüşündə - 2001-ci ildə 1 saat 35 dəqiqə çəkib. Ən uzunu isə 4 saat 40 dəqiqə - 2008-ci ildəki mətbuat konfransı olub. 2004-cü ildən bəri dövlət başçısı ilə jurnalistlər arasında hər belə ünsiyyət ən azı üç saat davam edir.
Putinin 2001 -ci ildə keçirdiyi ilk mətbuat konfransına 500-dən çox jurnalist akkreditə olunmuşdu. Hər il keçirilən tədbiri işıqlandıran media nümayəndələrinin sayı getdikcə artmaqdadır. Putinin üçüncü prezidentlik dövründə mətbuat konfranslarına akkreditə olunmuş jurnalistlərin sayı 1250 nəfərdən çox olub.