
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda ukraynalı FIFA referisi Yevgeni Aranovskinin idarə etdiyi oyunda hesabı "Kayrat" açıb. Qonaq klubun qolunu 19-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən Jose Kante vurub. Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq "Qarabağ"ı hesabda irəli çıxarıb.
Beləliklə, "Qarabağ" öz meydanında əzmkarlıq göstərərək "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, "Qarabağ" xallarının sayını 7-yə çatdırıb, "Kayrat"ın isə 1 xalı var.
Qeyd edək ki, H qrupunun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağıdır. Matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə oynayıb – 0:0. İkinci turda isə Qurban Qurbanovun yetirmələri Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.