Ukrayna qoşunları mühasirəyə düşməmək və hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq üçün Donetsk vilayətinin Avdeyevka şəhərini tərk edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski sosial şəbəkə səhifələrində məlumat yayıb.
“Avdeyevka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq mühasirəyə düşməmək, hərbi qulluqçuların həyat və sağlamlığını qorumaq üçün mən bölmələrimizi şəhərdən çıxarmaq və daha sərfəli xətlərdə müdafiəyə keçmək qərarına gəldim”, - deyə Sırski bildirib.
Onun sözlərinə görə, ukraynalı əsgərlər öz hərbi borcunu ləyaqətlə yerinə yetirib, Rusiyanın ən yaxşı hərbi hissələrini məhv etmək üçün əlindən gələni edib, canlı qüvvə və texnikada düşmənə xeyli itki veriblər.
“Vəziyyəti sabitləşdirmək və mövqelərimizi qorumaq üçün tədbirlər görürük. Hərbi qulluqçuların həyatı ən yüksək dəyərdir. Onsuz da Avdeyevkanı qaytaracağıq”, - deyə o əlavə edib.