Qəzza zolağında atəşkəsin təmin edilməsinə dair danışıqlar martın 17-də Qətərdə bərpa olunacaq.
Bu barədə “Bloomberg” Misir rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, uzun müddət ərzində ilk dəfə olaraq, danışıqlara müharibə edən tərəflərin - İsrail və HƏMAS-ın rəsmi nümayəndələri qatılacaq.
“Bloomberg” xatırladıb ki, beynəlxalq vasitəçilər Ramazan ayı başlamazdan əvvəl atəşkəs əldə etməyə ümid ediblər, lakin martın əvvəlində Qahirədə aparılan danışıqlar dalana dirənib.
Dialoqun bərpası ilə bağlı qərar bu həftə verilib: “Hər iki tərəf danışıqları bərpa etmək üçün addımlar atıb”, - deyə mənbələr bildiriblər. Onların sözlərinə görə, HƏMAS vasitəçilərə Qəzza zolağında döyüşlərə son qoymalı olan yeni plan təqdim edib. Plan üç əsas mərhələdən ibarətdir:
İlk addım, İsrail tərəfindən saxlanılan 350 fələstinli məhbusun qarşılığında yaraqlılar tərəfindən saxlanılan 35 girovun - qadın, xəstə və qocanın azad edilməsini nəzərdə tutan altı həftəlik atəşkəs olacaq.
HƏMAS həmçinin hər bir əsgər üçün terrorizm ittihamı ilə uzun müddət cəza çəkən bəziləri də daxil olmaqla 50 məhbusun əvəzində ən azı beş qadın əsgəri azad edəcək.
Bundan əlavə, İsrail hərbçiləri məcburi köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasına icazə verməli və yardımın əraziyə sərbəst axınını təmin etməlidir;
İkinci mərhələdə hər iki tərəf daimi atəşkəs elan edəcək, HƏMAS daha çox məhbus qarşılığında girovluqda olan qalan İsrail əsgərlərini azad edəcək;
Üçüncü mərhələdə HƏMAS Qəzzanın blokadasının götürülməsi müqabilində ölən israillilərin cəsədlərini təhvil verəcək və bu, bölgənin yenidən qurulmasına başlamağa imkan verəcək.(“Report”)