Rusiyanın paytaxtı Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə Rusiya dövlət KİV məlumat yayıb.
Adıçəkilmiş şəxslər mayın 22-dək həbsdə qalacaqlar. Şübhəli şəxslərin barəsində Rusiya Cinayət Məcəlləsinin üçüncü fəslinin 205-ci maddəsi (“tələfatla nəticələnən terrorçuluq”) ilə cinayət işi açılıb. Onlar ömürlük həbs cəzasına məhkum oluna bilərlər.
Məhkəmədə olmuş müxbirlərə görə, məhkəməyə gətirilmiş şübhəli şəxslərin üzlərində zorakılıq izləri olub. Raçabalizodanın saxlanılarkən qulağı kəsilib. Bu barədə videogörüntülər internetə sızdırılıb. “Mediazona” nəql edib ki, 2004-cü il təvəllüdlü Fayzov isə reanimasiyadan birbaşa məhkəməyə aparılıb, o, xəstəxana xalatında və xərəkdə şüşə qəfəsə gətirilib. Gənci həkimlər müşayiət etsə də, iclas qapalı olandan sonra onlar da hakim Vaxrameyevin tələbi ilə otaqdan çıxarılıb. Hakim təqsirləndirilən şəxsin vəziyyətinə əhəmiyyət verməyib. İstintaqa görə, Fayzov konsert kompleksinə hücumu lentə alan şəxs olub.
Xatırladaq ki, “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törətmiş terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.
**02:04
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən ikinci şəxs Saidakrami Raçabalizoda günahını etiraf edib.
Bu barədə Moskva məhkəməsi məlumat verib verib.
Məhkəmə müstəntiqin vəsatətinin təmin edilməsi və mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, daha əvvəl “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən birinci şəxs Dalerjon Mirzoyev günahını tam etiraf edib.
**01:38
Rusiyanın İstintaq Komitəsi “Crocus City Hall”a hücumun daha iki iştirakçısını terrorda ittiham edib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.
Onların hər ikisi həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıblar.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (mütəşəkkil bir qrup şəxs tərəfindən insan ölümü ilə nəticələnən terror aktı) ilə təqsirləndirilən Fayzov Məhəmmədsobir və Fəriduni Şəmsidin məhkəmə qarşısına çıxarılıblar.
**00:28
Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”dakı terror aktında şübhəli bilinən şəxslər haqda həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxacaq.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, baş vermiş terror aktı ilə bağlı işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı araşdırır.
Rusiya İstintaq Komitəsi 137 nəfərin öldüyü “Crocus City Hall” konsert zalına hücumun iştirakçısı olduğu iddia edilən iki nəfəri terror aktında ittiham edib.
Bu barədə iş üzrə təqsirləndirilən şəxslərin həbsi ilə bağlı vəsatətləri qəbul edən Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb: “Raçabalizoda Saidakrami Murodali və Mirzoyev Dalerjon Barotoviç Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (bir qrup şəxs tərəfindən insan ölümünə səbəb olan terror aktı) ilə ittiham olunurlar”.
Hər iki təqsirləndirilən şəxs FTX xüsusi təyinatlılarının müşayiəti ilə məhkəməyə gətirilib.
Bu arada Mirzoyevin vəkili müvəkkilini sərbəst buraxmağı xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib və onu mayın 22-dək həbs edib, o, növbəti iki ayı istintaq təcridxanasında keçirəcək.
Yeri gəlmişkən, məhkəmədə məlum olub ki, 32 yaşlı Dalerjon Mirzoyev evlidir və dörd övladı var. Həmin şəxs Tacikistan vətəndaşıdır. Onun Novosibirskdə üç aylıq müvəqqəti qeydiyyatı olub, amma müddəti bitib.
Senzor.az