Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır.
“Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bütün ərazi mübahisələri və qarşılıqlı iddialar yalnız siyasi-diplomatik yolla və üsullarla həll edilməlidir:
"Anklavların qaytarılması daxil olmaqla, bu kimi məsələlər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir".
M.Zaxarova hesab edir ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupu kompromislərin hazırlanmasında yaxşı mexanizmdir: “2023-cü il iyunun 2-də keçirilən son iclasında tərəflər regionda nəqliyyat və iqtisadi yolların açılması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın olublar”.
XİN rəsmisi, həmçinin bəyan edib ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məsələsində maksimum köməklik göstərməyə hazırdır.