Ukrayna səfiri Vladislav Kanevski Azərbaycanda Ukrayna mədəniyyətinə hörmətlə yanaşıldığını söyləyib.
Senzor.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.
Diplomat Azərbaycanın şimal-qərb bölgəsinə səfəri zamanı müzakirə etdiyi məsələləri də açıqlayıb: "Ukraynanın Azərbaycanda mövcudluğunun coğrafiyasının genişləndirilməsi, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının praktiki məzmunla zənginləşdirilməsi, Ukrayna diaspor təşkilatlarının fəaliyyəti üçün şəraitin yaradılması Zaqatala və Şəki rayonlarının icra hakimiyyətlərinin başçıları Mübariz Əhmədzadə və Elxan Usubov ilə söhbətin əsas mövzuları olub".
V.Kanevski Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişafının əməkdaşlıq üçün gözəl potensial olduğunu bildirib: "Birləşmiş Azərbaycan Ukraynalıları İcmasının rəhbəri Tamilla Musayeva ilə birgə ölkənin şimal-qərb bölgəsinə həyata keçirdiyim işgüzar səfərim Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində inkişafının və Ukrayna mədəniyyətinə hörmətlə yanaşılmasının bu kimi əməkdaşlıq üçün gözəl potensial olduğunu təsdiqlədi".