Türkiyə xarici işlər nazir müavini Mehmet Kamal Bozay ABŞ Konqresinin Nümayəndələr Palatasının enerji, ticarət, maliyyə xidmətləri və büdcə komitələrinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Bu barədə Türkiyə XİN-dən bildirilib
Qeyd olunub ki, Türkiyə ilə ABŞ arasında strateji çərçivədə enerji, enerji təhlükəsizliyi və əməkdaşlıq imkanları müzakirə edilib.
**15:11
Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, keçmiş milli müdafiə naziri Hulusi Akar Ankarada ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
Türkiyə KİV xəbər verir ki, bunu H.Akar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ABŞ konqresmenlərini Türkiyənin normallaşma prosesindəki rolu və Ankaranın bu istiqamətdə atdığı addımlar barədə məlumatlandırıb: “Bildirdik ki, Ermənistan uzadılan sülh əlini tutmalıdır. Müzakirəmiz konstruktiv mühitdə keçdi. Qarşı tərəf də öz mövqeyini bildirdi. Müzakirələrin davamlı olması barədə razılığa gəldik”.
H.Akarın sözlərinə görə, tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə danışıblar: “Bu məsələdə problem yoxdur. Lazımi razılıqlar əldə olunub. Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə bu barədə danışır. Proses davam edir”.
Komissiya sədri bildirib ki, ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə terrora qarşı mübarizə barədə də danışıblar: “PKK və YPG kimi terror təşkilatlarının mövcudluğu ilə bağlı narahatlığımızı bildirdik. Terrora qarşı birgə mübarizə aparmağımızın labüdlüyü qeyd olundu”.
**14:17
ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsinin sədri Mayk Rogersin rəhbərlik etdiyi heyət Türkiyədə səfərdədir.
“Haber Global” xəbər verir ki, nümayəndə heyətinə konqresmenlər Adam Smit, Saluda Karbajal və Veronika Eskobar daxildir.
ABŞ təmsilçiləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan, Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarla görüşüblər.
Görüşlərdə ikitərəfli əlaqələr, Ukrayna və Qəzza zolağında müharibə, İŞİD və PKK terror qruplaşmalarına qarşı mübarizə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə nəzərdə tutulan səfəri ilə bağlı məsələlər müzakirə olunub.
Görüşlərdə bildirilib ki, Türkiyə sərhədlərində terror dəhlizlərinin formalaşmasına icazə verilməyəcək, ölkənin milli təhlükəsizliyi daim yüksək tutulacaq.
ABŞ nümayəndələri bu gün Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) rəhbəri İbrahim Kalınla da görüşəcəklər.