İran, İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi – SEPAH) iki generalı və bir neçə zabiti də daxil olmaqla, 13 nəfərin ölümü ilə nəticələnən hücuma görə İsraili tövbə etməyə məcbur edəcək.
Senzor.az bildirir ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin X (keçmiş Twitter) sosial şəbəkəsindəki istifadəçi hesabında ibrani dilində etdiyi paylaşımda belə deyilir.
“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşq konsulluğuna qarşı törətdikləri cinayətə görə tövbə etməyə məcbur edəcəyik”, - mesajda deyilir.
Qeyd edək ki, ABŞ İran konsulluğuna hücumdan sonra öz qüvvələrinə mümkün hücumlardan narahatlığını bildirib. Çərşənbə axşamı Xamenei deyib ki, İran konsulluğa hücuma görə İsraili peşman edəcək.
Bazar ertəsi axşam Suriya Müdafiə Nazirliyi İsrailin İranın Dəməşqdəki Baş Konsulluğunun binasına hava zərbəsi endirdiyini bildirib. Raket hücumu nəticəsində konsulluğun binası tamamilə dağılıb. İranın Suriyadakı səfirinin iqamətgahı da Konsulluq binasında yerləşir, amma ona heç nə olmayıb.
Senzor.az