Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 9-da Qırğızıstan Parlamentinin (Joqorku Keneş) sədri Nurlanbek Şakiyev ilə görüşüb.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın gələcək perspektivləri və parlamentlərarası əlaqələr barədə fikir mübadiləsi aparılıb:
"Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb".
Görüş çərçivəsində Ceyhun Bayramov parlamentlərarası müstəvidə ölkələrin bir-birinin mövqeyinə qarşılıqlı dəstək göstərməsinin vacibliyini qeyd edib, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində geniş perspektivlərin mövcud olduğunu vurğulayıb:
"Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub".
XİN başçısının həmsöhbətinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verdiyi də bildirilib.
"Joqorku Keneşin sədri Nurlanbek Şakiyev öz növbəsində ölkəsinin Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verdiyini və daha öncə qeyd edilən sahələrdə mövcud əməkdaşlığın təkmilləşdirilməsi perspektivlərinin mövcudluğunu qeyd edib. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak məqsədilə ölkəmizə səfərini mənnunkuqla xatırlayan spiker, iki ölkə parlamentləri arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb. Görüş zamanı həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər müzakirə edilib",-məlumatda qeyd edilib.
**14:41
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar:
"Ceyhun Bayramov qardaş Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam açıqlıq və etimad şəraitində baş tutdu. Tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar".
**12:58
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib:
"Geniştərkibli görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müzakirə edilib.
Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb".
Görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şuranın, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işi ilə daha da təkmilləşdiyi və inkişaf etdiyi də vurğulanıb.
"Azərbaycan və Qırğızıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığı qeyd edilib. Orta Dəhliz çərçivəsində iki ölkə arasında geniş əməkdaşlıq potensialı olduğu diqqətə çatdırılıb. İki ölkənin qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyətli olduğu bildirilib. Yaşıl enerji istehsalı sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb",-məlumatda qeyd edilib.
Həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmindən də söz açılıb:
"Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub. Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və hazırlıq işləri barədə ətraflı məlumatlandıraraq bu mötəbər tədbirin əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını diqqətə çatdırıb".
XİN-dən bildirilib ki, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bərpa, quruculuq, sülh səylərindən, habelə regional sülh quruculuğuna təhdid törədən çağırışlardan bəhs edən Ceyhun Bayramov sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslərin qəbuledilməz olduğunu deyib:
"Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və suverenliyə hörmət əsasında bölgədə sülhün bərqərar olunmasına sadiqliyi bir daha diqqətə çatdırılıb. Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb. Ceenbek Kulubayev isə Azərbaycan və Qırğızıstan arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu, əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib. Qırğızıstanın Azərbaycan tərəfindən göstərilən regional sülh və quruculuq səylərini daim dəstəklədiyi diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatla çıxış ediblər".
**12:07
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev birgə mətbuat konfransında bəyanatlarla çıxış ediblər.
Senzor.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb.
**09:32
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Görüş Bişkek şəhərində keçirilir.
Qeyd edək ki, Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.
Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.