Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki Səfiri Tanju Bilgiçi qəbul edib.
APA xəbər verir ki, Azərbaycan Səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona və onun simasında bütün qardaş Türk xalqına firavanlıq arzulayıb.
Türkiyə Səfiri öz növbəsində Polad Bülbüloğlunu və bütün qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.