Avropa İttifaqı Bakı və İrəvan arasında məzmunlu danışıqlar görmək istəyir.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
"Aİ sülh sazişi, delimitasiya sazişləri və kommunikasiyaların açılmasına gətirib çıxaracaq real, məzmunlu danışıqlar görmək istəyir. Bunu diqqət mərkəzində saxlamalıyıq", - Klaar vurğulayıb.
O qeyd edib ki, əgər siyasi iradə, öhdəlik varsa, müsbət nəticə əldə etmək, həqiqətən də, bu qədər uzun sürməməlidir.
“Biz müsbət nəticə əldə etmək üçün Ermənistan və Azərbaycanla birlikdə bu istiqamətdə işləmək istəyirik. Çünki dediyim kimi, məncə, hər iki tərəfdə siyasi öhdəlik varsa, nəticə əldə etmək o qədər də uzun sürməyəcək”, - o əlavə edib.
Qeyd edək ki, aprelin 8-də İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.