Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tərəfdarlarını ölkədə xarici agentlərlə bağlı qanunun əleyhinə etiraz aksiyalarına çağırıb.
APA-nın xəbərinə görə, bu barədə o “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.
“Mən bütün yaş qruplarından olan tərəfdarlarımı Rusiyanın müəllifi olduğu qanuna qarşı çıxmağa və ölkəmizin müstəqilliyinə, azadlığına və yalnız Avropa ilə mümkün olacaq gələcəyinə dəstək verməyə çağırıram”.
Xarici agentlərlə bağlı qanun layihəsinə etirazlar bu gün səhərdən başlayıb. Əvvəlcə bir qrup vətəndaş cəmiyyəti fəalı parlament binasına arxa paralel küçəyə toplaşaraq deputatlardan sənədin müzakirəsini dayandırmağı tələb edib.
Qeyd edək ki, növbəti etiraz aksiyasının yerli vaxtla saat 19:00-da parlament binasının qarşısında keçiriləcəyi barədə qərar qəbul olunub.