Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında keçirilən aksiyanın təşkilatçıları iştirakçıları parlamentin binasını mühasirəyə almağa çağırıb. Bundan sonra iştirakçılar parlament binasının arxa tərəfinə keçməyə çalışıblar.
Senzor.az bildirir ki, mitinq iştirakçılarının sözlərinə görə, onlar bu yolla öz səslərini hakim komandanın üzvlərinə çatdırmaq istəyirlər.
Rustaveli prospektində hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını bildiriblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyasının iştirakçılarına müraciət edərək, onları azad toplaşmaq və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.
DİN-in müraciətində deyilir ki, hər hansı qanun pozuntusu dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.
Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.
Som məlumata görə, etirazçılardan bəziləri artıq saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Teymuraz Kupatadzenin yerli mətbuata verdiyi məlumata görə, dörd nəfər saxlanılıb. Amma o, aksiya iştirakçılarının hansı maddə ilə saxlandığını dəqiqləşdirməyib.
**21:38
Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq aprelin 15-də paytaxt Tbilisidə izdihamlı aksiya keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, parlamentin qarşısındakı mərkəzi Ş.Rustaveli prospekti tam bağlanıb.
Aksiyanın təşkilatçılarının sözlərinə görə, etirazın məqsədi ölkənin azadlığını və Avropa gələcəyini qorumaqdır.
Qeyd edilib ki, bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə, eləcə də söz və mətbuat azadlığına mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.
Saat 19:00-da başlayan aksiyada minlərlə insan iştirak edir.
Parlamentin önündə Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar “Rusiya qanununa yox”, “Biz Avropadayıq” kimi şüarlar səsləndirib, hökumətdən məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər.
Qeyd edək ki, bu gün parlamentin hüquq komitəsinin iclasında “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında əlbəyaxa dava olub. Müxalifətdən olan deputat Aleko Elisaşvilinin parlamentdə döyülməsi və nalayiq sözlərlə təhqir olunması müxalifəti dəstəkləyənlərin sayının artmasına səbəb olub.
Aksiya səbəbi ilə parlamentin binasının ətrafına çoxlu sayda polis cəlb edilib.