Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycanla səmərəli nəticələrə hədəflənən enerji tərəfdaşlığının inkişafına, eləcə də ölkəmizə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi zamanı dəstəyi ifadə edilib.
Senzor.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əbu-Dabidə energetika naziri Pərviz Şahbazovla BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında keçirilən görüşdə qeyd edilib.
Görüşdə hər iki ölkə prezidentlərinin Azərbaycan və BƏƏ arasında dost, qardaş və tərəfdaş əlaqələrinin dərinləşməsinə, əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.
Azərbaycanın “yaşıl enerji” gündəliyinin icrasında BƏƏ ilə əməkdaşlığın strateji rolundan bəhs edilib. “Masdar” şirkəti ilə mərhələli şəkildə quruda və dənizdə 10 QVt “yaşıl enerji” layihələrinin həyata keçirilməsi çərçivəsində bu il 1 QVt gücündə iki günəş və bir külək elektrik stansiyasının təməlinin qoyulacağı bildirilib, yeni istehsal güclərinin yaradılması, həmçinin elektrik enerjisinin ötürülməsi layihələri üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb.
Söhbət zamanı ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, hər iki ölkənin apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin COP29 tədbirinə hazırlıq və bu xüsusda intensiv əlaqələrlə bağlı da müzakirələr aparılıb.