Aprelin 24-də Milli Məclisin Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir qrup köməkçisi ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib.
Səməd Seyidov qonaqlara Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bəzi Qərb dairələrinin və beynəlxalq təşkilatların ölkəmizə təzyiqləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi, Azərbaycanın işğal olunmuş 4 kəndinin geri qaytarılması barədə Ermənistanla əldə olunmuş razılaşmanın əhəmiyyəti, Rusiya sülhməramlı qüvvələrinin ölkəmizdən çıxması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, dünyada gedən proseslər, Azərbaycanın milli maraqları, ölkəmizin multikulturalizm, tolerantlıq ənənələri və digər məsələlər barədə fikirlərini çatdırıb.
Görüşdə iştirak edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məlahət İbrahimqızı, Emin Hacıyev qonaqları maraqlandıran suallara cavab veriblər, Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüblər.
**12:10
Milli Məclisdə ABŞ Konqresi üzvlərinin qanunvericilik məsələləri üzrə köməkçiləri ilə görüş olub.
Senzor.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "X" hesabında paylaşım edib.
"Parlamentdə ABŞ Konqresi üzvlərinin qanunvericilik məsələləri üzrə köməkçiləri ilə səmərəli görüş keçirilib. İkitərəfli gündəliyimizə dair məsələlər və regionda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb", - o, paylaşımda qeyd edib.