Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının həyata keçirilməsi ilə bağlı görülmüş işlərə dair 5-ci dövri hesabatı BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə təqdim edilib.
Ombudsman Aparatından Senzor.az-a verilən xəbərə görə, həmin hesabatın müzakirəsi məqsədilə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin Müvəkkilə ünvanlanan rəsmi dəvəti əsasında Ombudsman Aparatı rəhbərinin müavini və Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli 2024-cü il aprelin 22-də İsveçrənin Cenevrə şəhərində komitə üzvləri ilə keçirilən xüsusi iclasda iştirak ediblər.
Müzakirələr zamanı komitə üzvlərinə Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti, təcrübədə əldə olunan yeniliklər, həyata keçirilən preventiv tədbirlər barədə geniş məlumat verilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa yeni mərhələdə sözügedən komitənin tövsiyələri də nəzərə alınmaqla edilən yeni dəyişikliklərin Ombudsmanın Milli Preventiv Mandatı çərçivəsində fəaliyyətini gücləndirməklə yanaşı, eyni zamanda beynəlxalq norma və prinsiplərə uyğun olduğu diqqətə çatdırılıb.