Qazaxıstanın “Kazspetseksport” şirkəti istismardan çıxarılmış aviasiya texnikasının Ukraynaya satılması ilə bağlı məlumatı təkzib edib.
Yerli KİV xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
Müəssisənin bəyanatında mediada yayılmış məlumatların həqiqətəuyğun olmadığı diqqətə çatdırılıb. Şirkət həmçinin qeyd edib ki, aviasiya texnikasının satışı üzrə bütün tenderlər qanunvericiliyə uyğun keçirilib. “Xarici şirkətlərin tenderə buraxılmasına icazə verilməyib”.
Şirkət vurğulayıb ki, istismardan çıxarılmış bütün avadanlıqlar ləğv edilərək müəssisə ərazisindən yalnız əlvan metal qırıntıları şəklində çıxarılır.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Kazspetseksport”un sonradan Ukrayna ordusuna təhvil verilməsi üçün fiziki şəxsə 117 ədəd istismardan çıxarılmış hərbi təyyarə satdığına dair materiallar dərc edilmişdi.