Türkiyə Məhkəməsinin tələbi ilə “Türkiyə” və “Yeni Akit” nəşrləri azərbaycanlı araşdırmaçı jurnalist Eynulla Fətullayevin İsrail kəşfiyyat xidməti “Mossad”la əlaqəsi olduğu iddia edilən böhtan xarakterli yazıları siliblər.
Senzor.az xatırladır ki, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev bir aya yaxın İsrailin qaynar nöqtələrində - Qəzza zolağı ilə, Cənubi Livanla sərhəddə, Qüdsdə və İsrailin müharibə şəraitində olan bir çox şəhərlərində işləyib. Həmin müddət ərzində Haqqin.az jurnalistin ümumilikdə 20-dən çox xüsusi reportajını, siyasi şərhlərini və videomüsahibələrini dərc edib, yayıb (Yeri gəlmişkən, onların bir neçəsini Senzor.az olaraq biz də yayımlamışıq).
Amma bunun ardınca Türkiyənin az tanınan, fundamentalist dairələrlə əlaqəli “Türkiyə” və “Yeni Akit” qəzetlərinin səhifələrində sifarişli yazılar dərc olundu. Həmin yazılarda iddia olunurdu ki, İsrailin kəşfiyyat xidməti “Mossad” guya “Qafqazda agentura şəbəkəsi yaratmaq üçün” jurnalist Eynulla Fətullayevə 100 milyon dollar ayırıb...
Bundan sonra jurnalist İstanbulda vəkillər tutaraq yuxarıda adı çəkilən nəşrlərə qarşı məhkəmə prosesi başlatdı və… sonda onlar həmin böhtan xarakterli yazılarını silmək məcburiyyətində qaldılar…
Senzor.az