Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kütləvi aksiyada üç polis əməkdaşı yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aksiyanın keçirildiyi yerdə “yetəri sayda təcili yardım briqadası səfərbər olunub, tibb işçiləri vətəndaşları bütün lazımi dərmanlarla təmin edir”.
“Bu vaxta qədər hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəstəxanaya yerləşdirilib”, - məlumatda diqqətə çatdırılıb.
Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili isə döyülüb.
Partiya Xabeişvilinin çoxsaylı kəllə-beyin travması aldığını açıqlayıb. Onun hansı vəziyyətdə olduğunu göstərən fotonu da dərc edib.
Siyasətçinin yerli klinikalardan birinə köçürüldüyü vurğulanıb.
Qeyd edək ki, aksiya iştirakçılarını dağıtmaq üçün polis rezin güllələrdən istifadə edib.
…Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri dağıdıblar. Lakin etirazçıların bir qismi xüsusi vasitələrdən - gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edilərək dağıdıldıqdan sonra Rustaveli prospektinə qayıdıblar.
Aksiya iştirakçılarının əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları var, onlar “Sakartvelo” (Gürcüstan - red.) şüarları səsləndirirlər. Bəziləri zibil qutuları və dəmir baryerlərdən istifadə edərək barrikadalar qurmağa çalışırlar.
**01:14
Gürcüstan Prezidenti Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müraciət edərək dinc nümayişlərin yatırılmasına son qoymağa çağırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezident öz sosial şəbəkə hesabında yazıb.
“Daxili işlər nazirinə müraciət edirəm ki, dinc nümayişin dağıdılmasına, qeyri-mütənasib güc tətbiqinə, əliyalın gələn gənclərə qarşı zorakılığa dərhal son qoysun.
Mən ombudsmana müraciət edirəm ki, xüsusi təyinatlıların bütün əsassız və qanunsuz hərəkətlərinin dayandırılması üçün dərhal reaksiya versin”, – o qeyd edib.
Prezident vurğulayıb ki, “aksiya dinc şəraitdə keçib, heç bir təhlükə yaratmayıb, asayiş üçün təhlükə olmayıb”.
Xatırladaq ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən aksiyada gərginlik artmaqda davam edir. Xüsusitəyinatlı polis Rustaveli prospektinin etirazçılardan təmizlənməsi istiqamətində əməliyyatı davam etdirir. Asayış keşikçiləri su şırnağından, gözyaşardıcı qazdan, qaz bombalarından və bibər qazı spreyindən istifadə edir.
Parlament binasının qarşısı etirazçılardan təmizlənib. Amma minlərlə etirazçı hələ də ərazidə qalır.
Rustaveli prospektindən ətraf küçələrə dağılışan etirazçıların böyük bir qrupu paytaxtın ən işlək avtomobil yolu olan Qamsaxurdiya prospektini bağlayıblar.
Nəticədə paytaxtın bu hissəsində avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb, avtobuslar və minik maşınları yolda qalıblar.
Prospektdə uzun tıxac yaranıb...
**22:28(30.04.2024)
Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları parlament binasının qarşısında hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyasını bərpa ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiyaçılar qanun layihəsinin lehinə səs verən 83 deputatın cavab verməli olduğunu bildirirlər.
Bir az əvvəl aksiyada vəziyyət gərginləşib, polislə vətəndaşlar arasında qarşıdurma baş verib.
Parlament binasının arxa girişini tutan aksiyaçılar polis kordonunu yarmağa çalışaraq, polisə su şüşələri atıb, "qullar" şüarı səsləndiriblər.
Polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib, etirazçılardan bəzilərini saxlayıb.
Bir qrup aksiyaçı Parlament binasından hökumət administrasiyasına yürüş edərək İnqoroqva küçəsini bağlayıb.
Ərazidə vəziyyət gərgin olaraq qalır. Etirazçılardan bəziləri Parlamentin girışlərindən birinə yumurtalar atıblar.
Ölkənin Daxili İşlər Nazirliyi (DİN) etirazçılara müraciət edərək qanunla müəyyən edilmiş sərhədləri aşmamağa, polisin qanuni tələblərinə riayət etməyə çağırıb.