İsrail ordusu Rəfahın şərq hissəsindəki sakinləri təxliyə etməyə çağırdıqdan bir neçə saat sonra şəhərə hava zərbələri endirməyə başlayıb.
Bu barədə ilk olaraq şəhərdəki müxbirinə istinadən AFP məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrailin zərbələri fasiləsiz olaraq təxminən yarım saat davam edib. Tezliklə İsrail ordusu şəhərə zərbələr endirdiyini təsdiqləyib.
“İsrail Dövləti hazırda Qəzza zolağının cənubundakı Rəfahın şərq hissəsində HƏMAS terrorçularının hədəflərinə zərbələr endirir”, - İsrail Müdafiə Qüvvələri bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuat xidməti də ölkənin hərbi kabinetinin Rəfahda planlaşdırılan hərbi əməliyyatı davam etdirmək qərarına gəldiyini bildirib. Sosial mediada yayımlanan açıqlamada deyilir ki, əməliyyat girovların azad edilməsini sürətləndirmək və “digər müharibə məqsədlərinə nail olmaq” üçün HƏMAS-a hərbi təzyiq göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, İsrail hərbçiləri mayın 6-da günortadan sonra Rəfahın şərq hissəsinə vərəqələr səpələyərək mülki əhalini təcili təxliyəyə çağırıb.
Yeri gəlmişkən, Rəfah Qəzza zolağının hər yerindən gələn 1,4 milyon qaçqına ev sahibliyi edir.