Keçən il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələnin nəticələri Türkiyə xalqı ilə yanaşı, Azərbaycan xalqını da dərindən kədərləndirib. Prezident İlham Əliyevin dərhal verdiyi reaksiyaya əsasən qərara alınmışdır ki, Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa olunsun.
Senzor.az bildirir ki, bunları Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən işlərin gedişi ilə tanış olmaq üçün bu gün Kahramanmaraşa gəlib. İşlər normal gedir, qrafikə uyğun olaraq icra olunur.
Baş nazir Azərbaycan məhəlləsindəki 20 sinif otağından ibarət 300 şagird yerlik Heydər Əliyev Məktəbinin tikintisi ilə də maraqlanıb.
Qeyd olunub ki, Kahramanmaraşda Azərbaycan məhəlləsində məktəb Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyacaq.
Həm Azərbaycan məhəlləsi, həm də Ulu Öndər Heydər Əliyevin adını daşıyan məktəbin inşası ən yüksək keyfiyyətlə icra olunmalıdır və olunur.
Əli Əsədov inşaatçılarla da söhbət edib. Baş nazirə məlumat verilib ki, onların arasında əsrin fəlakəti nəticəsində yaxınlarını itirən, evləri dağılan şəxslər də var.