Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Yan Borq arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.
Azərbaycan və Malta arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, enerji və turizm kimi sahələrdə münasibətlərin gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.
Maltanın ATƏT-də sədrliyinin prioritetləri arasında ətraf mühit, bağlantılar kimi sahələrin əks olunmasının Azərbaycan tərəfindən müsbət qarşılandığı bildirilib. Xüsusilə Azərbaycanın COP29 sədrliyi ilə Maltanın ATƏT sədrliyinin birgə səylər sayəsində qlobal ətraf mühit dəyişikliyinə reaksiya verilməsində sinerji effekti yarada biləcəyi diqqətə çatdırılıb.
Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə ATƏT-in regional ölçülü məsələlərin həllində rolunu qoruyub saxlaya bilmək üçün özünün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş üzvlük coğrafiyasından maksimum istifadə etməli olduğu vurğulanıb. Burada suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin ATƏT çərçivəsində təhlükəsizliyin təmini, inamın bərpası və əməkdaşlıq üçün təməl rolunu oynamalı olduğu xatırladılıb.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə maltalı həmkarına ətraflı məlumat verib. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə sülh sazişinin imzalanması üzrə birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yanaşma olduğu bildirilib.
Keçmiş münaqişə dövründə bir sıra ATƏT təsisatlarının Ermənistan ilə Azərbaycan arasında 30 il davam etmiş münaqişənin həlli prosesində müvafiq mandat daşımasına baxmayaraq, hər hansı irəliləyişə nail ola bilmədiyi qeyd olunub.
Keçmiş münaqişənin nəticələrini aradan qaldırılması mövzusu üzrə danışarkən aktuallığını itirmiş təsisatlara istinadlar edilməsinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirdiyi bildirilib.
Post-münaqişə dövründə Azərbaycan tərəfinin tələbatı və müvafiq müraciətinə əsaslanaraq, ölkəmizdə minalardan və partlamamış sursatlardan təmizləmə, eləcə də məcburi köçkünlərin qayıdışını sürətləndirmə işlərinə dəstək verilməsinin vacibliyi vurğulanıb.
Nazirlər daha sonra mətbuat brifinqində görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
**13:53
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında rəsmi Bakının Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb.
Senzor.az xəbər verir ki, nazir qeyd edib ki, 2024-cü ildən intensiv danışıqlar başlayıb.
“Münxendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb. Gözləntilərdə realist olmalıyıq, detalları açıqlaya bilmərəm, çünki spesifik məqamlar var”, - nazir deyib.
Bununla belə C.Bayramov Ermənistanla sülh sazişi üçün Azərbaycanın şərtlərini də açıqlayıb:
“Sənəddə sülh sazişi ilə bağlı açıq məqamlar, bir müddətdən sonra yenidən müzakirə mövzusuna çevriləcək məsələlər yer almamalıdır”.
**
Biz Azərbaycanla ekologiya və iqlim dəyişikliyi sahəsində əməkdaşlığı davam etdirəcəyik.
Senzor.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini xatırladıb.
**13:13
Bakı ilə İrəvan arasında sülh prosesi ATƏT üçün prioritet məsələdir.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Biz sərhədlərin delimitasiyası prosesinin başlanılmasını alqışlayırıq”, - o vurğulayıb.
Onun sözlərinə görə, açıq qalan məsələləri həll etmək üçün diplomatiya və danışıqlar prinsiplərinə riayət etmək lazımdır:
“Biz ATƏT olaraq sülh prosesinin irəliləməsinə yönəlmiş bütün praqmatik həlləri alqışlayırıq”.
**
Maltanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədrinə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində son məlumatlar verilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.
XİN rəhbəri vurğulayıb ki, bu kontekstdə iki ölkə arasında birbaşa danışıqlar müsbət nəticələr verir.
“Son altı ayda sülh quruculuğu yolunda atılan addımlar buna sübutdur. Müsbət inkişaf kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasını, 90-cı illərdən işğal altında olan dörd kəndin Azərbaycana qaytarılmasını göstərmək olar”, - nazir deyib.
**
ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu təsisatların mandatı tükənib, arxaik fəaliyyət göstərirlər.
“Arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur. ATƏT digər layihələrə dəstək verə bilər. Mina təhlükəsizliyi, keçmiş köçkünlərin evlərinə qaytarılması, ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi layihələrə ATƏT dəstək verə bilər”, - C.Bayramov deyib.
**
Bu gün ATƏT-in nümayəndə heyəti ilə geniş spektrli məsələlər müzakirə olunub.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında deyib.
“Bu gün biz nümayəndə heyəti ilə geniş spektrli məsələləri müzakirə etdik. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, Maltanın ATƏT-də sədrliyi, bu təşkilatın üzləşdiyi çağırışlar, Azərbaycanın COP29-da sədrliyi, o cümlədən regiondakı vəziyyət və sülh prosesi müzakirə olunub", - o vurğulayıb.
Onun sözlərinə görə, ATƏT bir sıra çağırışlarla üzləşir: “Təşkilatın üzvü olan ölkələr onun prinsiplərinə əməl etməlidirlər. Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edib, xüsusən də ərazi bütövlüyü prinsipinə sadiqlik baxımından”.
**12:33
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla geniş tərkibdə görüşü başlayıb.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
**11:39
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla təkbətək görüşü keçirilib.
**
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla təkbətək görüşü başlayıb.
Senzor.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
**11:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.