Xocalıda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, Sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Qonaqlar Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.
Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət Himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.
Mərasim iştirakçılarını salamlayan general-polkovnik Kərim Vəliyev 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında imzalanmış bəyanata əsasən Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş kontingentin fəaliyyəti haqqında danışıb.
Baş Qərargah rəisi Azərbaycan Respublikasının və Rusiya Fedarasiyasının dövlət başçıları arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən çıxarılan sülhməramlı kontingentin bütün heyətinə sülhün və sabitliyin rifahı naminə xidmətlərinə görə minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Daha sonra Rusiya Federasiyası Qərərgah rəisi Yevgeniy Nikiforov çıxış edib.
Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.
Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə Nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.
**14:58
Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş mərasim keçirilir.
Trend xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yüksək rütbəli hərbçiləri iştirak edir.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.