Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan İrəvanın mərkəzinə polis qüvvələrinin toplanmasına münasibət bildirib və bunu erməni xalqının kiçik qələbəsi adlandırıb.
Senzor.az bildirir ki, o, bunu Şimal prospektində toplaşan vətəndaşlar qarşısında bəyan edib.
Qeyd edək ki, hakimiyyət “Vətən uğrunda Tavuş” hərəkatının mitinqinin planlaşdırıldığı Azadlıq meydanına çoxlu sayda polisi cəlb edib. Bu gün saat 17:00-da Avropa Yenidənqurma və İnkişaf Bankının beynəlxalq forumu olacaq, orada baş nazir Nikol Paşinyan da iştirak edəcək. Etiraz hərəkatının iştirakçıları hakimiyyətin siyasətinə etirazlarını, necə deyərlər, daha yaxından bildirmək istəyirlər.
“Polis əməkdaşlarına bizim üçün küçələri bağladıqlarına görə təşəkkür edirəm, qeyri-real şeylər baş verir, dünən “bir nəfərə və onun hərəkətlərinə etirazımızı bildirəcəyik” dedik, bu gün isə görürük ki, onlar (hakimiyyət - red.) bir neçə min polisi bura gətirib və yolları bağlayıblar”, - deyə B.Qalstanyan vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyət həqiqətdən qorxur. Arxiyepiskop hüquq-mühafizə qüvvələrinin belə bir araya gəlməsini xalqın kiçik qələbəsi adlandırıb. Qalstanyan bu günün mühüm gün olduğunu da əlavə edib.
Xatırladaq ki, “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları vətəndaş itaətsizliyi aksiyaları keçirir, paytaxtda küçələri bağlayır, nəqliyyatın hərəkətinə mane olur və hökumətin istefasını tələb edirlər.
Senzor.az