Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı paylaşım edib.
Bu barədə o “X”də yazıb.
“Bu gün Krım Tatar sürgününün 80-ci ildönümüdür. Krım Tatarı qardaşlarımızı ana yurdlarından ayıran, bu gün hələ də ağrısını ürəyimizdə hiss etdiyimiz, böyük kədərlərə səbəb olan bu hadəsni anır, həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Türkiyə olaraq həm Krımda yaşayan, həm də işğaldan sonra bölgədən çıxmağa məcbur olan Krım tatarlarının hüquqlarını bütün şərtlərdə müdafiə etməyə davam edəcəyik”.
**12:25
Krım tatarlarının pozulan hüquqları hələ də bərpa olunmayıb.
Bu, Türkiyə Xarici İşlər Nazirliyinin Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə bağlı yaydığı bəyanatda əks olunub.
“80 il əvvəl, bu gün yüz minlərlə Krım tatarı ana vətənlərindən zorla çıxarılaraq müxtəlif ölkələrə sürgün edilib, qeyri-insani davranışlara məruz qalıblar. Nəticədə aralarında yaşlı, uşaq və qadın olmaqla xeyli sayda insan həyatını itirib. Krımın qeyri-qanuni ilhaqı isə yeni kədərlərə səbəb olub”.
Qeyd olunub ki, Türkiyə hər zaman Krım tatarlarının yanında olacaq: “Çərkəz sürgünü” Türkiyənin kədərlə xatırladığı bir başqa faciədir. Bundan 160 il əvvəl mayın 21-də Qafqaz xalqları çox ağır şərtlərlə ana vətənlərini tərk etməyə məcbur qaldılar, çox sayda insan həyatını itirdi. Krım tatarlarının və Qafqazın qardaş xalqlarının kədərlərini paylaşır və xatirələrini hörmətlə anırıq”.