Moldovanın daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, daxili işlər naziri Vilayət Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Moldova Respublikasının daxili işlər naziri Adrian Efros iki ölkənin nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.