ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Senzor.az ABŞ Dövlət Departamentinə istinadən bildirir ki, bu barədə dövlət katibi Antoni Blinken bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz son 32 ildə təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq üzərində tərəfdaşlıq qurduğumuz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk. Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kritikləşən qlobal problemlərlə bağlı fəaliyyətimizi dərinləşdirmək imkanını yüksək qiymətləndiririk.
Birləşmiş Ştatlar olaraq Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsini alqışlayırıq və biz uşaqlarımızı və nəvələrimizi daha dayanıqlı və davamlı iqlim gələcəyi təmin etmək məqsədilə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Əməkdaşlığımız Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliyimizlə paralel davam edəcək. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq.
Biz əlaqələri gücləndirəcəyik və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm", - bəyanatda vurğulanıb.