Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Senzor.az xəbər verir ki, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.
Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.
**14:26
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senat sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi-ticari əlaqələr, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiyalar kimi potensial əməkdaşlıq sahələri müzakirə olunub.
"İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də müzakirələrin gündəmində olub. Tərəflər daha geniş regional vəziyyəti, COP29-a hazırlığı müzakirə ediblər", XİN bildirib.
**13:23
Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, nazirlərin təkbətək görüşündən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə nazirlər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.
Görüşdə nazir Ceyhun Bayramov Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.
Tərəflər iki ölkə arasında energetika, informasiya texnologiyaları, əczaçılıq, ağır və yüngül sənaye, kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat, müdafiə, təhsil, humanitar və digər sahələrdə hərtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkə arasında birbaşa uçuşların turizmin və insanlar arasında əlaqələrin inkişafına geniş töhvə verdiyi diqqətə çatdırılıb.
Təhsil və humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, hər iki ölkədə təhsil müəssisələrində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin mövcudluğu, təlim proqramları məmnunluqla qeyd olunub.
Nazirlər Azərbaycanla Pakistan arasında Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin daha da dərinləşməsi və qarşılıqlı sərmayələrin artırılması baxımından vacibliyini qeyd ediblər.
Görüşdə tərəflər Azərbaycanın Pakistanla müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıblar.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.
Ceyhun Bayramov həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İkitərəfli görüşlərdən sonra, hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.
**13:03
Qəzzadakı vəziyyət bizim hamımız üçün böyük narahatlıq mənbəyidir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Təbii ki, biz savaşın dərhal dayandırılmasına çağırış edirik. Biz inanırıq ki, Yaxın Şərqdə dayanıqlı və uzunmüddətli sülh yalnız iki dövlətli həll yoluna və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslana bilər. Biz bu məsələnin iki dövlət həllinə çağırırıq”, - XİN rəhbəri vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu təşəbbüsləri dəstəkləyib.
**12:38
Azərbaycan və Pakistanı bir-birinə ortaq mədəni və bəşəri əlaqələr bağlayır. Bu əlaqələr qardaş Azərbaycanla əməkdaşlığımız üçün güclü baza yaradır.
Bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün baş tutan görüşdə Azərbaycan və Pakistan arasında münasibətlərin bütün aspektləri müzakirə olunub: “Biz ticarət, investisiya, əlaqələnmə, enerji və müdafiə sahələrində əlaqələrimizi daha da dərinləşdirəcəyik. Biz enerji sektorunda qarşılıqlı investisiyaların artması üçün addımlar atmaqdayıq. Enerji sahəsində birgə işçi qrupunun fəaliyyəti bu sahədə əməkdaşlığımız üçün vacibdir”.
Xarici işlər naziri qeyd edib ki, onun ölkəsi Azərbaycanla parlamentlərarası əlaqələrin daha da inkişafına çalışacaq”.
**
Bugünkü görüşümüzdə mən pakistanlı həmkarımı regiondakı post-münaqişə vəziyyəti barədə məlumatlandırdım.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, həmçinin Azərbaycanın işğaldan azad olunan torpaqlarında həyata keçirdiyi reabilitasiya və yenidənqurma işləri barədə Pakistan XİN rəhbərini məlumatlandırıb: “Qeyd etdim ki, uzunmüddətli mina problemi bizim səylərimizə mane olur”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissəsində delimitasiya ilə bağlı son razılaşma və Ermənistanın uzun müddətdir işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir:
“Azərbaycan sülh prosesinə sadiqdir və biz ümid edirik ki, bu, bütövlükdə firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək”.
**
Keçmiş münaqişəsi dövründə, o cümlədən 44 günlük müharibə zamanı və daha sonrakı dövrdə Pakistanın Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstəyi yüksək qiymətləndiririk.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində mövqeyi hər zaman dəyişməz olub: “Azərbaycan bu problemin sülh yolu ilə, eyni zamanda, BMT TŞ-nin müvafiq qətnamələri əsasında və beynəlxalq humanitar hüquq çərçivəsində həllini dəstəkləyir”.
**11:29
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ikitərəfli görüşlərin yekunu üzrə birgə mətbuat konfransı keçirirlər.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
**10:27
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.
Senzor.az bildirir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov Pakistan XİN-ə gəlib və bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qəbul edilib.
Danışıqlar zamanı ikitərəfli və regional məsələlər müzakirə ediləcək.